CİA Güney Qafqazda hansı əməliyyatı hazırlayır? | ŞƏRH

// Ekspertlər üç təhlükəli ssenarini şərh edirlər

   CİA Güney Qafqazda hansı əməliyyatı hazırlayır?    | ŞƏRH
  18 İyul 2022    Oxunub:5532
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbərinin Ermənistana səfəri bir çox ölkələr üçün gözlənilməz oldu və hamı başa düşür ki, bu səfərdən yaxşı heç nə gözləmək olmaz. Paşinyanla CİA rəhbərinin konkret nə barədə razılığa gəldiyini bilmirik. Ancaq baş verən hadisələrə əsaslanaraq, bir neçə versiya irəli sürmək olar”.
Bu sözləri AzVision.az -a Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, politoloq Darya Qrevtsova ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Börnsün (William J. Burns) Ermənistana səfərini şərh edərkən deyib. Onun fikrincə, birinci versiyaya görə, Qərb Türkiyənin Rusiya ilə arasını vurmaq istəyir və bu məqsədinə çatmaq üçün bütün mümkün vasitə və üsullardan istifadə edəcək.


“Rusiya ilə Türkiyə arasında münasibətlərin necə qurulduğunu hamımız bilirik. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bu, Rusiya üçün çox faydalıdır. Türkiyəyə də faydalıdır, çünki ona əlavə qazanc gətirir. Təbii ki, Qərb bu münasibətləri pozmağı prioritet sayır. Bunu necə edəcəklərini hələ ki bilmirik. Bəlkə də Qarabağda hansısa təxribat törətmək yolu ilə. Biz bilirik ki, Türkiyə fəal şəkildə Azərbaycanın müdafiəsinə qalxacaq. ABŞ isə bu münaqişə vasitəsilə Türkiyəni özünə tərəf çəkməyə və bununla da Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışacaq”,- Qrevtsova bildirib.

Ekspertə görə, Börnsün Ermənistanda müzakirə edə biləcəyi ikinci məsələ Rusiya ilə Ermənistan arasında münasibətlərin pozulmasıdır. Qərb üçün Paşinyanı öz qanadının altına almaq, onu Rusiyaya qarşı çevirmək vacibdir.


Üçüncü variant isə Azərbaycana, Rusiya sülhməramlılarına qarşı təxribatlar törətməklə Qarabağda yenidən müharibəni alovlandırmaqdır. “Ola bilsin ki, MKİ direktoru Ermənistana dəstək, Qarabağın Ermənistana qaytarılması və ya 2020-ci il noyabrın 10-da əldə olunandan daha yaxşı şərtlər vəd edib. Diqqətli olmaq və müvafiq nəticələr çıxarmaq lazımdır”, - Qrevtsova bildirib.

Tanınmış rusiyalı politoloq Sergey Markov isə AzVision.az -a bildirib ki, CİA direktoruna ilk növbədə Paşinyandan nəsə lazım olduğu tamamilə aydındır. Hazırda CİA-nın bütün işi Rusiyaya maksimum ziyan vurmağa yönəlib. Onun direktorunun Nikol Paşinyanla görüşü də Rusiyaya ziyan vurmaq üçün nəsə etməyə hesablanıb.


Onun fikrincə, ortada bir neçə variant ola bilər. Birinci variant ondan ibarətdir ki, Börns sadəcə Nikol Paşinyanın qərbyönümlü, uzun illərin amerikapərəst siyasətçisi olmasına arxalanaraq, ola bilsin ki, Ermənistanı KTMT və AİB-dən qoparmaq, Rusiyanın müttəfiqləri arasından çıxarmaq istəyir.

Rus sülhməramlıları gəldikləri kimi gedəcəklərmi? – Xarici ekspertlərin fikirləri
“İndi o, Rusiya ilə yaxşı münasibətlər qurmaq siyasəti aparır, çünki bunu Ermənistan cəmiyyəti tələb edir. Lakin Nikol Paşinyan Rusiya ilə bu yaxşı münasibətlər siyasətini könülsüz aparır. O bəlkə də, ilk növbədə Rusiya ilə yox, Amerika və Avropa ilə yaxşı əlaqələr qurmaq istərdi. Paşinyanın bu istəyi heç vaxt konkret siyasi formulunu tapmayacaq. Ola bilsin ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Paşinyana Rusiyadan Amerikaya və Avropa Birliyinə tərəf keçməklə bağlı köhnə arzusunu necə reallaşdıra biləcəyini əks etdirən konkret siyasi platforma gətirib. Bunun üçün Ermənistanı Azərbaycanın neft-qaz kompleksinə zərbə endirməyə həvəsləndirmək lazımdır. Həm də Azərbaycanın Ermənistan ərazisinə girməsi üçün bəzi təxribatçı addımlar atmaq. Bundan sonra KTMT-nin nizamnaməsi işə düşəcək və Rusiya ilə Türkiyə də işə qarışmalı olacaqlar ”,- Markov qeyd edib.

Rusiyalı politoloq hesab edir ki, ikinci variant çox aqressivdir və birbaşa Azərbaycana təsir edəcək. Bu konsepsiyaya görə, Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun əsas məqsədi kiçik, geniş mənada heç kəsə lazım olmayan Ermənistanı Rusiya ilə toqquşdurmaq deyil, böyük və çox lazımlı Türkiyəni Rusiya ilə dalaşdırmaqdır.


“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Rusiya ilə Türkiyə arasında münaqişəyə gətirib çıxaracaq kombinasiyaya başlayıb və məqsəd Türkiyənin Rusiya üçün faydalı olan neytrallığına son qoymaq, onu Rusiyaya qarşı sanksiyalar tətbiq edən və dəstəkləyənlərin koalisiyasına qoşmaqdır. Beləliklə, Türkiyə Rusiyanın dünyaya çıxışı üçün hazırda çox aktiv şəkildə oynadığı rolu itirsin. Bunun üçün Ermənistanla Azərbaycan arasında növbəti müharibənin təşkili vacib olardı. Ancaq elə etmək lazımdır ki, Türkiyə də buna qoşulsun.
Əgər Azərbaycanla Ermənistan arasında adi müharibə olarsa, Türkiyə böyük ehtimalla bu işə qarışmayacaq və Azərbaycanın daha güclü ordusu Ermənistanın zəif ordusunu məğlub edəcək. Bəs necə etmək olar ki, Türkiyə də bu müharibəyə cəlb olunsun? Əlbəttə, Ermənistanın tərəfində rus, Azərbaycan tərəfdən isə türk qoşunlarının Cənubi Qafqaza daxil olmasına və onlar arasında toqquşmaya nail olmaqla. Bu, CİA direktorunun əsas məqsədi ola bilər”, - S.Markov bildirib.

Onun fikrincə, Rusiya ilə Türkiyəni dalaşdırmağın üçüncü variantı Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında toqquşmaya səbəb ola biləcək hər hansı təxribat təşkil etməkdir. Bu, Rusiya və Türkiyə ictimai rəyləri arasında qarşılıqlı narazılığa, Rusiya ilə Türkiyə arasında münasibətlərin kəskin pisləşməsinə səbəb ola bilər.

Murad Nəcəfov
Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər:   CİA   Ermənistan   Börns  





Xəbər lenti